AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Sevinc Bayramova Türkiyənin Qars şəhərində keçirilmiş “Qafqazda İslam və mədəniyyət” adlı I Beynəlxalq Simpoziumda iştirak edib.
İnstitutdan bildirilib ki, Azərbaycan, Rusiya, ABŞ, Özbəkistan, Misir, Malayziya, İraq və digər ölkələrdən alim və mütəxəssislərin qatıldığı simpoziumda o, “Orta əsrlərdə Azərbaycanın elmi mühiti və təbibləri” mövzusunda məruzə ilə çıxış edib və təşkilatçı qurumların “Təşəkkürnamə”si ilə təltif olunub.
Qeyd edək ki, beynəlxalq simpozium Qafqaz Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Hava Yolları, Qars Şəhər Müftiliyi və Türkiyə Dəyanət Vəqfinin birgə təşkilatçılığı ilə keçirilib.