İtaliyada müəllimlərə hörmətsizlik edən şagirdlər və onların valideynlərinı qarşı cəzalar tətbiq ediləcək. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Qəzetin materialında bildirilir ki, İtaliyanın təhsil sistemi tələbələrin nalayiq davranışlarına qarşı mübarizədə köklü dəyişikliklərə hazırlaşır. Belə ki, hökumət müəllimlərə hörmətin artırılmasına və məktəblərdə nizam-intizamın yaxşılaşdırılmasına yönəlmiş ciddi tədbirlər kompleksi hazırlayıb.
Əsas yenilik qanunu pozanlara əhəmiyyətli pul cərimələri tətbiq etmək imkanı olacaq. Şagirdlər və onların ailələri müəllimlərə qarşı təhqir və ya zorakılığa görə 500 ilə 10.000 avro arasında cərimə ödəməli olacaqlar.
Bundan əlavə, məktəb direktorlarına qəbuledilməz davranışlarına görə şagirdləri məktəbdən qovmaq üzrə əlavə səlahiyyətlər veriləcək. Orta və yuxarı sinif şagirdləri üçün onların akademik taleyinə birbaşa təsir edəcək davranışın qiymətləndirilməsi sistemi tətbiq edilib. Şagird davranışa görə beşdən az bal alırsa, fənlər üzrə akademik göstəricilərindən asılı olmayaraq, dərs ilini təkrarlamağa məcbur olacaq.
Bu yeniliklər İtaliya hökumətinin müəllimlərin səlahiyyətlərini bərpa etmək və tədris üçün daha əlverişli mühit yaratmaq əzmini əks etdirir. Gözlənilir ki, bu yanaşma nizam-intizamı yaxşılaşdırmaqla yanaşı, bütövlükdə təhsilin keyfiyyətini yüksəldəcək, şagird və müəllimlər arasında qarşılıqlı hörmət mühiti yaradacaq.