İtaliya, Fransa, Almaniya və Böyük Britaniyanın Xarici İşlər nazirlikləri İsrailin BMT-nin Livandakı sülhməramlı missiyasına (UNIFIL) hücumlarını pisləyib.
İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin məlumatına görə, dörd ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında hücumlardan narahatlıq ifadə olunub. Bildirilir ki, İsrail ordusunun UNIFIL-in bazalarına həyata keçirdiyi və çoxlu sayda sülhməramlının yaralanmasına səbəb olan bu hücumlar dərhal dayandırılmalıdır.
“Biz UNIFIL-in təhlükəsizliyinə hər hansı təhdidi pisləyirik. Livandakı missiyaya qarşı istənilən hücum beynəlxalq humanitar hüququ və Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini pozur”, - deyə bəyanatda qeyd olunur.
İtaliyanın Baş naziri Ciorcia Meloni son baş verənlər fonunda Livana səfər edəcəyini açıqlayıb. Baş nazir BMT-nin Livandakı sülhməramlı missiyasında iştirak edən İtaliya hərbi kontingentinin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.
Ciorcia Meloni, həmçinin İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin yaxın günlərdə İsrail və Fələstinə səfər edəcəyini də bildirib.
Qeyd edək ki, İtaliyanın UNIFIL-də mindən çox hərbçisi var.