Orxan Əhmədov
“Xeberglobaltv.az” xəbər portalının təsisçisi və direktoru Ötən parlament seçkilərindən bugünədək Azərbaycanın qazandığı uğurlara diqqət yetirsək, qanunverici orqanın da rolunu görərik. Cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında qəbul olunan yeni qanunların, yaxud mövcud sənədlərin dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinin rolu böyükdür. Hüquqi baza rolunu oynayan bu sənədlər gələcək inkişafın əsasına çevrilir. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın demokratik inkişafında ölkəmizdə sabitliyin və qanunun aliliyinin təmin edilməsinin rolu böyükdür. İnsan hüquqlarının qorunması və müdafiə mexanizmlərinin müəyyənlşdirilməsi dövrün tələblərinə uyğun olaraq milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsində özünün aydın ifadəsini tapır. O da məlumdur ki, bu günədək Konstitusiyaya 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib. Bu əlavə və dəyişikliklərin böyük bir qismi insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində təkmilləşməyə xidmət edir.
Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qanunverici orqanın, deputatların qarşısında dayanan vəzifələri açıqladı. O bildirdi ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir: “Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır”.
Yeni dövrün əsas reallığı dövlət suverenliyimizin tam bərpa olunmasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını və üçrəngli Bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin etmişdir. Bütün ölkə ərazisi üzrə parlament seçkilərinin keçirilməsi qürurvericidir.
Yeni hədəflər yeni çağırışlarla tamamlanır. Bu seçkilər ölkəmiz üçün yeni müvəffəqiyyətlər vəd edir və Azərbaycanın demokratik inkişaf tarixinə yeni uğur səhifəsini yazacaq.
Bu gün insanlarda xoş ovqatın şahidiyik. Bütün seçiciləri seçkilərdə fəal iştirak etməyə və dünənin, bu günün və gələcəyin namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıram və inanıram ki, bu seçkilər ötən illərdə olduğu kimi tam şəffaf keçiriləcək.