Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı kəndinin keçmiş bələdiyyə sədri Fikrət Quliyev qanunsuz həbs olunub. Aşağıda onun son məhkəmə iclasında söylədiyi çıxışı təqdim edirik:
“Hörmətli hakim,
Mənə son söz söyləmək imkanı verdiyiniz üçün Sizə təşəkkür edirəm. Eyni zamanda xahiş edirəm, son sözümü diqqətlə dinləyəsiniz və fikrimi bölməyəsiniz.
Barəmdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi tərəfindən tərtib olunmuş ittiham aktında təxminən 10 epizod yer alır. Onlardan 4-ü guya rüşvət alma ilə bağlıdır və bu səbəbdən mənə qarşı CM-nin 311-ci maddəsi tətbiq edilib. Vəkilim Anar müəllim bu epizodlar üzrə hüquqi əsaslandırmaları təqdim edib. İcazənizlə, mən də həmin məsələlərə sadə dildə qısa şəkildə münasibət bildirmək istəyirəm.
1-ci epizod:
Bu epizod şahid Natiq Şiriyevlə bağlıdır. İttiham aktında yazılıb ki, guya mən Yeni Suraxanı qəsəbəsində yerləşən 140 kvadratmetr torpaq sahəsini ona satmışam və buna görə sənəd vermişəm. Bu epizod da rüşvət alma kimi qiymətləndirilib. Amma bu, tamamilə əsassızdır. Mən Natiqə heç bir sənəd verməmişəm. Bu barədə burada – məhkəmə zalında – Natiq və həyat yoldaşı da ifadələrində bildiriblər ki, Fikrət Quliyev onlara heç bir sənəd təqdim etməyib.
2-ci epizod:
Guya mən qəsəbədə yerləşən 8 sot torpaq sahəsini Nihad Heydərova alqı-satqı yolu ilə satmışam. Lakin aydın oldu ki, Nihad həmin torpağı Əlövsət adlı başqa bir şəxsdən alıb. Mən sadəcə həmin ərazini hasarlamağa şərait yaratmışam. Bu isə rayon rəhbərliyi, xüsusilə icra nümayəndəsi tərəfindən də bilinirdi. Əgər bu bilinməsəydi, həmin ərazini hasarlamaq qeyri-mümkün olardı. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən nəzarət çox ciddi idi. Burada rüşvətdən söz gedə bilməz.
3-cü epizod:
Bu epizod da Nihad Heydərovla bağlıdır. O, həmin torpaq sahəsini satmaq niyyətində idi və torpağın qapısının açarını ora hasar çəkmiş İntiqam Əzizov vasitəsilə mənə göndərmişdi. Bu, 2023-cü ilin oktyabr ayında baş verib. Sonra Nihad məndən xahiş etdi ki, alıcı çıxsa, ərazini göstərim. Təxminən dekabr ayında Ceyhun adlı bir şəxs torpaqla maraqlandı və razılaşaraq 5000 manat beh verdi. Qalan məbləği isə 2024-cü ilin fevralında ödəyəcəyini dedi. 19 fevral 2024-cü il tarixində Ceyhun Pasayev Korrupsiya idarəsinin əməkdaşları ilə gəldi və məni həbs etdilər.
Sonradan məlum oldu ki, Ceyhun Pasayev izahatında guya mən ona 23 min manata torpaq satmışam. Məhkəmədə verdiyi ifadəsində də bunu təkrar edib. Amma bu iddialar tamamilə əsassızdır. Mən Ceyhuna sual verdim: “Məni nə vaxt, harada gördün?” Dedi: “2023-cü ilin iyun ayında, torpaq sahəsinin yanında, qara “Lexus” cip maşınla.” Halbuki həmin tarixdə məndə qara “Lexus” yox idi, gümüşü rəngdə “Nissan Pathfinder” markalı maşınım var idi. “Lexus” maşını sentyabr ayında almışam.
Məhkəmədə Ceyhuna sual verildi ki, “Həmin ərazidə nəsə tikmisənmi?” O dedi: “Bəli, böyük ev tikmişəm.” Amma məhkəməyə təqdim olunmuş fotolarda görünür ki, həmin ərazi olduğu kimi qalıb, orada heç bir tikinti aparılmayıb. Bu da Ceyhun Pasayevin yalan danışdığını sübut edir.
4-cü epizod – əsas epizod:
İttiham aktında yazılıb ki, guya Ceyhun Pasayev mənə 5000 manat rüşvət verməli imiş və həmin pulların seriya nömrələri belə aktda qeyd olunub. Lakin məhkəmə prosesində vəkilim Anar müəllim Ceyhuna sual verdi: “Sənə hər hansı pul verilibmi ki, Fikrət Quliyevə verəsən?” Ceyhun 3 ayrı məhkəmə prosesində eyni cavabı verdi: “Xeyr, mənə heç bir pul verilməyib.” Həbs ediləndə də üzərimdə heç bir pul, nə də səs yazısı və ya başqa sübut təqdim edilməyib.
Hörmətli hakim,
Burada bir sual yaranır: əgər bütün bu faktları, məhkəmə proseslərini gözləri ilə görən və qulaqları ilə eşidən cənab ittihamçı prokuror bu məhkəmədə iştirak edibsə, o zaman hansı əsasla çıxışında deyir ki, “CM-nin 311-ci maddəsi təsdiqini tapmışdır və mən 11 il azadlıqdan məhrumetmə cəzası tələb edirəm”? Mənim şübhəm yaranır: görəsən cənab prokuror həqiqətən dövlətin ittihamçısıdır, yoxsa konkret şəxslərin?
Məsələn, 2019–2024-cü illər ərzində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuş Əziz Əzizovun və həmin dövrdə rayonun tikintilərinə nəzarət edən Eldəniz Əliyevin? Mən bu haqsızlığın belə davam edəcəyinə inanmıram və bildirmək istəyirəm ki, bu məsələ ilə bağlı bütün instansiyalara şikayətlər edilmişdir və edilməyə davam ediləcəkdir.
Mən daim əmrə tabe olan bir şəxs olmuşam. Əziz Əzizov mənə şəxsi vəsaitim hesabına 120.000 manatdan artıq pul xərclətdi və dedi ki, sonra tikintilərdən qaytaracağıq. Lakin vədinə əməl etmədi. Əksinə, mənə təklif edirdi ki, qəsəbədəki sahibkarlardan pul yığım. Mən isə bunu heç vaxt etməmişəm. Əvəzində, onun digər göstərişlərini yerinə yetirmişəm.
Mən 3 nəfərin əməkhaqqını öz cibimdən vermişəm – Kənan Tağızadə (500 manat), hüquqşünas Sadiq (350 manat) və Nurlan Rüstəmov (410 manat).
2023-cü ilin sentyabrında mən xərclədiyim vəsaitlərin nə zaman və necə qaytarılacağını soruşdum. Bu söhbətdən sonra Əziz Əzizov məni vəzifədən uzaqlaşdırmaq istədi, ancaq razılaşmayanda Yeni Suraxanı Bələdiyyəsinin möhürünü alıb Hövsan Bələdiyyəsinə verdi. Daha sonra tikinti işləri ilə bağlı razılaşdırılmış şəkildə pul toplamağı tapşırdılar. Nəticədə mən bu pulları hissə-hissə Nurlan Rüstəmova verdim – ümumilikdə 123.000 manat.
Bu bir oyun imiş. Məni həbsə göndərmək planı qurulmuşdu. Ümumilikdə 250.000 manatdan çox vəsait mənim tərəfimdən xərcləndi. Əzizovun qarşısında 3 seçim var idi: ya pulu qaytarmalı idi, ya məni öldürtməli idi, ya da bu formada cinayət işi düzəldib həbs etdirməli idi – o, sonuncusunu seçdi.
Hətta təcridxanada olduğum vaxt bir polis əməkdaşı mənə hədə-qorxu gələrək dedi ki, "Əgər İcra Hakimiyyətindən kiminsə adını çəksən, uşaqların ölər."
Hörmətli hakim,
Mən sadəcə əmrə tabe olmuşam. Rayon rəhbərliyindən gələn göstərişləri yerinə yetirmişəm, heç vaxt özbaşına hərəkət etməmişəm.
Ömrümün 24 ilini dövlətə xidmətə həsr etmişəm. Dörd övladım var, hamısına ali təhsil vermişəm. Ən kiçik övladım İdman Akademiyasının menecment fakültəsini fərqlənmə diplomu ilə bitirib, magistratura və doktorantura təhsili alır, hazırda Türkiyədə təhsilini davam etdirir. Mənim haqqımda bu cür əsassız ittihamlar onun gələcəyinə də kölgə salır.
Sonda Sizdən xahiş edirəm – hüquqi və dünyəvi dövlətin ədalətli bir hakimi kimi, mənə bəraət verəsiniz.
Təşəkkür edirəm.”
Qeyd edək ki, təqdim olunan bütün sübutlara baxmayaraq, məhkəmənin qərarı ilə Fikrət Quliyev 9 il müddətinə azadlıqdan məhrum edildi.