Alman və polşalı arxeoloqlar təsadüf nəticəsində nasist siyasətçi Herman Hörinqin vaxtilə yaşadığı evin xarabalıqlarından 5 skelet tapıblar.
Bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Bildirilir ki, ev Polşanın şimalında vaxtilə Üçüncü Reyxin ordu qərargahının yerləşdiyi sıx meşəlik ərazidədir. Dəfələrlə talana məruz qalan tikili xarabalığa çevrilib.
Arxeoloq qrupunun üzvlərindən biri köhnə döşəmənin altını qazdıqda 10 santimetr dərinlikdə kəllə sümüyü aşkar edib. Bundan sonra aparılan qazıntılar nəticəsində 5 nəfərin qalıqları aşkar edilib. Skeletlərin heç birinin əl və ayaqları olmayıb.
Məhkəmə-tibb ekspertizasının rəyinə görə, basdırılanlardan üçü yetkinlik yaşına çatmış şəxs, biri yeniyetmə, bir isə körpə olub.
İstintaq qrupunun ilkin versiyasına görə, meyitlər bina tikildikdən sonra basdırılıb. Hörinqin bundan xəbərdar olması istisna edilmir. Digər versiyaya görə, meyitlər İkinci dünya müharibəsi başa çatdıqdan sonra basdırılıb. Təhqiqat davam edir.
Qeyd edək ki, Herman Hörinq 1941-1945-ci illərdə Adolf Hitlerin müavini olub, İkinci dünya müharibəsi vaxtı faşist ordusuna komandanlıq edib. Nürnberq məhkəməsinin hökmü ilə ölüm cəzasına məhkum olunan Hörinq edamdan bir neçə gün əvvəl intihar edib.