Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq
Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Düz 4 il əvvəl məhz bu gün Füzuli şəhəri düşmən əsarətindən azad edilib. Həmin əlamətdar hadisə yalnız dahi şairin adını daşıyan rayonun sakinlərində deyil, xalqımızda böyük ruh yüksəkliyi və coşqu yaradıb. AZƏRTAC Füzuli şəhərinin azad olunması tarixini xatırladır.
Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttindəki bir neçə müdafiə xəttinin yarılması nəticəsində ordumuz strateji üstünlüklər qazanıb. Hazırda qürur hissi ilə deyə bilərik ki, döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaət və qəhrəmanlıq göstərib. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilib.
Bununla belə qeyd etmək lazımdır ki, Füzuli uğrunda savaş Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub. Belə ki, ərazidə 30 il ərzində düşmən cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Hətta buna görə bir çoxları Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım olacağını düşünürdü. Lakin Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürəti ilə keçməyə qadir olduğunu sübut etdi.
Ermənistan silahlı birləşmələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.
Növbəti gün Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri azadlığa qovuşdu. Erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmağın artıq vaxtı çatmışdı. Oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi düşmən arxasına keçməyə əlverişli şərait yaratdı. Düşmən təlaşla arxadan dəstək gözləyirdi. Oktyabrın 14-də isə əlverişli yüksəkliklər və mövqelər - Füzuli rayonunun Qarakollu, Xatınbulaq, Qaradağlı kəndləri, Xocavəndin Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri azad olundu. Növbəti gün aparılan hərbi əməliyyatlar zamanı Xocavəndin Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzulinin Arış, Cəbrayılın Doşulu kəndləri düşmən tapdağından xilas edildi. Əvvəlcə Xocavəndin Xırmancıq, Ağbulaq, Axullu kəndləri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi və Füzuli şəhəri mühasirəyə alındı. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatdı. Azərbaycan Ordusu bu istiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirdi. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planını uğurla yekunlaşdırdılar - Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndləri azadlığa qovuşdu. Bu tarixi qələbə 44 günlük şanlı Vətən savaşının gedişatında həlledici mərhələlərdən biri oldu.
Qeyd edək ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu bu medalla mükafatlandırılıb.
İşğaldan əvvəl Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin ərazi olub. Düşmən rayonun tarixi-mədəniyyət abidələrinin bir hissəsini vandalcasına dağıdıb. Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur, tarixi abidələri bərpa olunur. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir.
Müharibədən sonrakı illərdə rayon ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilib, müxtəlif rahat yollar, yaraşıqlı parklar salınıb, yaşayış kompleksləri ucaldılıb. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayonu sakinlərinin bir hissəsi doğma yurd yerlərinə artıq qayıdıb. Artıq dörd ildir ki, Füzulidə Azərbaycanın Üçrəngli Bayrağı dalğalanır. Şəhərdə aparılan böyük quruculuq işləri sayəsində indiyədək 823 ailə, 3 min 136 sakin öz ata-baba yurduna qayıdaraq orada yaşamağa başlayıb.
Xatırladaq ki, dövlətimizin başçısı Füzuli şəhəri və rayon kəndləri azad olduqdan ora bir neçə dəfə səfər edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Füzulidə aparılan böyük quruculuq işlərini vurğulayaraq deyib: “Füzuli indi tamamilə yenidən qurulur. Dünən burada olarkən bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu. Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq... Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq”.
Bu il Azərbaycanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov və Belarus Prezidenti Aleksandr Lukaşenko da Füzuli rayonunda olublar. Dövlət başçıları martın 12-də Füzuli şəhərinin Baş planı və Füzuli Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olub, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Qırğız Prezidenti və Azərbaycan Prezidenti aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar. Belarus və Azərbaycan prezidentlərinin mayın 17-də rayona səfərləri zamanı isə “Qarabağın hava qapısı” adlandırılan və cəmi 9 ayda inşa edilən Füzuli Beynəlxalq Hava Limanı barədə ali qonağa məlumat verilib. Hər iki prezident Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Belarus Prezidentinə işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər haqqında məlumatlandırılıb.
Qeyd edək ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri yaradılacaq.