Elnurə Fizuli qızı İsgəndərova
Abşeron Xızı Regional Təhsil idarə Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini, "QızıI Qələm", "Xan qızı Natəvan", "İlin müəllimi" media mükafatı laureatı
Azərbaycanın son 21 ilinin mənzərəsini təqdim edərkən 2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətini xatırlatmaq bir tələb kimi qarşımıza qoyulur. Çünki, bu müraciətlə bugünümüzün və gələcəyimizin əsası qoyuldu, növbəti inamın ünvanı düzgün göstərildi, xalq düzgün seçim edərək Azərbaycanın qalib ölkə kimi tanınmasına yol açdı. Müraciətdə deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».
2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində seçicilərin 76 faizdən çoxunun səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. Xalqımız cənab İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasətinin davamına səs verdi.
Cənab İlham Əliyevin bu fikirləri sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaratdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi və sair kimi həlli vacib məsələlər idi. Son 21 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkün olsa da, bugünkü qalib, Zəfəri ilə qürur duyan Azərbaycan məhz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. O Azərbaycan ki, artıq çoxəsrlik tarixinə yeni bir səhifəni-Zəfər səhifəsini yazdı. Artıq dördüncü ildir ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edir və bundan qürur hissi keçiririk. Hazırda Qarabağ və Şərqi Zəngəzur həyatının quruculuq dövrünü yaşayır. 30 illik torpaq həsrətinə son qoyulan soydaşlarımız Böyük Qayıdışı gözləyirlər. Bu qayıdışın atılan ilk addımı onun davamlı olacağına böyük əminlik yaradır.
Təbii ki, əldə olunan hər bir uğuru şərtləndirən amillər mövcuddur. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu fikri xüsusi qeyd edirdi ki, nəyi nə zaman edəcəyimi bilirəm. Eyni zamanda, Azərbaycan bu müddət ərzində özünün gücünü, qüdrətini artırdı, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı.
Ərazi bütövlüyümüzün bərpasının Prezident İlham Əliyevin siyasətinin şah əsəri kimi dəyərləndirilməsi 21 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsidir.
Ölkəmizin ərazisinin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirirdi. Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib. İndiki starteji mərhələdə biz inkişafımızın yeni çərçivələrini müəyyənləşdirməliydik ki, bunlar da növbədənkənar seçkilərin keçirilməsinin aktuallığını artırdı.
Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçirildi və heç kəsin şəkk etmədiyi kimi, cənab İlham Əliyev yenə də seçicilərin əksər səs çoxluğunu toplayaraq, növbəti müddətə Prezident seçildi. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir və bu seçkilər haqlı olaraq Zəfər seçkiləri adlandırılır.