"Məşğulluğun artırılması üçün edilən bu dəyişikliklər yaxşıdır və zəhməti keçən hər kəsə təşəkkür edirəm. Bununla bərabər, dəyişikliklərdən irəli gələn müddəaların həyata keçirilməsi üçün infrastruktur zəifdir və bir çox rayon və şəhərlər bu dəyişikliklərdən yararlana bilməyəcək. Bu dəyişikliklərin səmərəsini görmək üçün yüksək ixtisaslı peşə məktəblərinə, peşə tədrisinə və yeni peşə ixtisaslarına ehtiyac var."
Bunu Milli Məclisin 07.06.2024-cü il tarixdə keçirilən növbədənkənar iclasında Milli Məclisin deputatı, MCP sədri Razı Nurullayev səsləndirdi.
Deputat bildirdi ki, araşdırmamın nəticəsinə görə ölkədə mövcud olan peşə məktəblərinin yarıdan çoxu ən bərbad vəziyyətdədir, infrastrukturu yoxdur və təchizatı da sıfırdır:
"Faktlarla danışım. Deputatı olduğum İmişli şəhərində peşə məktəbi uçub-dağılıb və mən orada görüş keçirib bunu sosial media hesablarımda da paylaşmışam. Səbəb budur ki, peşə məktəblərinin təmirinə, təchizatına cüzi vəsait ayrılır. Mən bunu başa düşmürəm və qəbul da etmirəm. Peşə təhsili işsizliyin aradan qaldırılması, kadrlara olan ehtiyacın təmin edilməsi üçün ən vacib amilidir.
Ayrılan vəsaitlərin böyük bir hissəsi gələcək üçün sərmayə sayıla bilməz və onlar sadəcə bir ildə xərclənib gedir və sonrakı illər üçün səmərə yaratmır. Səmərə yaradan sahələrə isə böyük qəsqanclıqla vəsaitlər ayrılır. Təhsil və səhiyyə o sahələrdir ki, cəmiyyətin inkişafı və rifahı onların üzərində mövcudluğunu saxlayır.
Xahiş edirəm ki, mövcud peşə məktəblərinin təmiri, təchizatı, yeni peşə ixtisaslarının yaradılması, müəllimlərin tədris və peşə hazırlığının həyata keçirilməsi, yenilərinin tikintisi üçün normal, çata biləcək qədər büdcə vəsaiti ayrılsın."- Razi Nurullayev dedi.